Daş qəlbli bu insanları neylərdin, ilahi?! Bizdə bu soyuq qanları neylərdin, ilahi?! Artdıqca həyasızlıq olur el mütəhəmmil, Hər zülmə dözən canları neylərdin, ilahi?! Bir dövrdə kim, sidqü səfa qalmayacaqmış, – Bilməm belə dövranları neylərdin, ilahi! Məzlumların göz yaşı dərya olacaqmış, – Dəryaları, ümmanları neylərdin, ilahi? Səyyadi-cəfakardə rəhm olmayacaqmış, – Ahuləri, ceyranları neylərdin, ilahi?! Bağın, əkinin xeyrini bəylər görəcəkmiş, – Toxm əkməyə dehqanları neylərdin, ilahi?! İş rəncbərin, güc öküzün, yer özününkü, – Bəyzadələri, xanları neylərdin, ilahi?!
Hökm eyləyəcəkmiş bütün aləmdə cəhalət, – Dildadeyi-irfanları neylərdin, ilahi?! Surtuqlu müsəlmanları təkfirə qoyan bu Döşdüklü müsəlmanları neylərdin, ilahi?! Yaxud buların bunca nüfuzu olacaqmış, – Beş-üç bu süxəndanları neylərdin, ilahi?! Qeyrətli danosbazlarımız iş bacarırkən, – Tənbəl, dəli şeytanları neylərdin, ilahi?! Ərlər hərə bir qız kimi oğlan sevəcəkmiş, – Evlərdəki nisvanları neylərdin, ilahi?! Tacirlərimiz Sonyalara bənd olacaqmış, Bədbəxt Tükəzbanları neylərdin, ilahi?! Sübhanəkə, sübhanəkə, sübhanəkə, ya rəb! Baxdıqca bu hikmətlərə heyran oluram həp!