Atasan bu dənizə özünü, o qədər boğulasan ki, Səhər tezdən gecəyə qədər hər kəs unutsun səni. Ancaq yuxularda gələsən görüşlərə, Ya da ki, içdiyin zəhrimarlar qurutsun səni. Atasan bu dənizə özünü, o qədər boğulasan ki, Fəryadın qovuşsun haraylara, Son dəfə həsrətlə baxasan qağayılara. Atasan bu dənizə özünü, çırpılasan qayalara. Yazdığın bütün şeirləri də yırtıb aparasan, Bu yarımadanın bağrından natamam qalan Bütün sevgiləri də dartıb aparasan. Atasan bu dənizə özünü heç kəslə barışmadan, Güvəndiyin dağların qarı dumana qarışmadan, Varlı-kasıb yarışmadan, çıxartmadan təmizə düzünü. Siqareti yarım çəkib atasan bu dənizə özünü. Mavilərdən iyrənib, dostuna çevirəsən mavi ləpələrin. Görəsən ki, mavi dalğalar necə səpələnir. Təpələrin külə döndüyü yerlərdən uzaq qaçasan. Hündür bir yerdən uçasan yuxarı, sonra aşağı. Pıçıldayasan bu cümləni \"sən varsan, varam, sən yoxsan, yoxam\" Necə də gülməli… Atasan bu dənizə özünü qürura toxunmadan Onsuzda yox olmusan, daha da yox olmadan. Dostlarla da artıq getməyəsən çiyin çiyinə Bir də həmin saçların ətrini dəyişəsən dəniz iyinə Dərin nəfəs alıb, hər kəsdən qisas alıb ölümlə həyat kimi. Onunla mən Məkkə və Mədinə, Dəclə və Fərat kimi. Onsuz da, əbədiyyət heç vaxt sevməmişdi əbədiləri. (heç vaxt) Bizimsə dualarımız açıq havalardan titrədirdi müqəddəs sayılan məbədləri. Atasan bu dənizə özünü, heç kəs oyanmadan, Sübh namazından öncə, azan dayanmadan, Yağış yağmadan, ya da yağış əvəzinə Daş yağmadan, qurunun oduna yaş yanmadan. Yalanlarla baş aldadan cəmiyyətdən uzaqlaşıb atasan bu dənizə özünü. Sevgiləri də saxlayasan salam-sağollarda. Əlvidalara çatmamış saxlayasan yarı yollarda. Mən isə darıxdım, səslədim səni, Yemək sırasını səbirsiz gözləyən kimsəsiz uşaq kimi Səbirsiz gözlədim səni. (Atasan bu dənizə özünü)