Soyuq noyabr ayı, onsuz günlərimdən biri, Daha sevmərəm heç vaxt beynimdə son fikrim. Son qərarı verib guya, əzabdan canımı qurtardım, Bir az da səbrim olsa, daha sevməzdim, unudardım. Soyudardım, onda yanan ürəyimi qansız olardım, Kaş, mən cansız olardım, ya da amansız olardım. Qəddar xatirələrlə tərk eləmək vətəni Çox çətin olsa da, unutmalıydım ötəni, keçəni. Burda sevdiyim xəyallar da yoxdu, Ağlamadım heç, sadəcə bir az qəhər boğdu. Günəş doğdu və mən küləklə qucaqlaşdım, Yağmurlar ağlaşdı, şəhərdən uzaqlaşdım. Qatar stansiyasında canlandırıcı məqam, Gözləri relslərdə olan narahat izdiham. Skamyanın birində əyləşən yaşlı qadının səsi, Perronu üşüdən soyuq noyabr nəfəsi. Vual itirən görünən mənasız, acı gülüşlər, Ağlamaq səsləri, vidalaşmalar, görüşlər, Kablukların taqqıltısı, uşaqların sevinci, Onlar üçün maraqlı, bizim üçün adi, keçici. Bu mənasız səhnələr gözlərimi yorurdu, Amma fikirlərimi dağıtmağım üçün məcburdu,. Eh, darıxırdım, bəlkə getməyim şəhərdən, Ayrılıq termini acıdır öldürücü zəhərdən, Amma hərdən özümü tanımırdım qəzəbimdən, Axı mən ayrıla bilməzdim yaşama səbəbimdən. Relslərin səsi qəlbim kimi inildədi, ayıldım, Qatar gəldi və doğma şəhərdən ayrıldım.
Ver əzabları yenə də ver, gücüm var, Heç vaxt qurtarmasın, ver, hamısına gücüm çatar. Uzaqlaş qatar, ya da ki, dur qatar, Ya məni apar, ya əz, ya da, vur qatar. (x2)
Vaqonda daxil oldum, uzun, cansıxıcı dəhliz, Kupelər təmiz, düz, səliqəli, qərəzsiz. Pəncərənin qabağında oturdum, yenə kövrək kadrlar, Elə bil, qəsdən məni həmin fikirlərə atırlar. Qopardı duyğulardan məni qatarın yola düşməsi, Paralel xətt kimi uzanan relslərin ötüşməsi. Kupenin sakit, aramla döyülən qapısı açıldı, Fikrimi cəlb eləyən səs ətrafa saçıldı. Önümdə dayanmış gözəllik, incə bir nüans, Romantiklərin bədahətən yaratdıqları romans, Lirikanın aləmindən heç vaxt silinməz bir ad, O - Məcnunun dilindən qopan fəryad. Əlində şokolad, gözəl bir möcüzə qız, Gözəlliyini təsvir eləyə bilmir qələm və kağız. Şabalıdı rəngli saçlar, parlaq, gözləri ala, Qızılgül nəfəsi, incəliyi sehirli qala. Körpə əllər, titrək səs, günahsız mimika, Şirin uşaq təbəssümü, izahsız etika. Əynində köhnə olsa da, çox səliqəli paltar, Sanki günəşin bir parçasını aparırdı qatar. Getdi şokolad paylayan qız sonsuz duyğulara , Qəlbimdə sorğulara, ən incə vurğulara. Kofe ətirli əllər gözlərimi bağlayarkən, Acını hiss edib sən gecələr ağlayarkən. Mən səni düşünürəm, olmasam da yanında, Bir tək səni ömrümün hər anında. Eh, mənasız xatirələri unudacam, Şokolad paylayan qız, mən qayıdacam.
Uzaqlaş qatar, ya da ki, dur qatar, Ya məni apar, ya əz, ya da, vur qatar. Yox, qaytar payızda gördüyüm yazı, Aparma şokolad paylayan o qızı. (x2)
Qəlbimin avazı, paranormal görünüşüm, Onunla görüşüm, şeytandan uzaq gülüşüm. Kövrəldi hislərim o kupeni tərk edəndə, Şokolad acı oldu onu paylayan gedəndə. Pəncərədən görünən mənə tanış hipotalamus, Oyanmış pak hislərə deyə bilmədim ki, "sus". Yaşayan qorxulu duyğularla amiqdala, Amma var sığınacaq ki, həmişə səninlə qala. Sevgini yox bilirdim, amma xəstəlik bədənimdə, Psixologiyası beynimdə, şəkilləri əlimdə. Əridi şam kimi, söndü yanan ocaq kimi, Açdı əllərini önümə acılan qucaq kimi, Sancılan bıçaq kimi, həyatdan qaçaq kimi, Çoxunu ağlatdı sevgi, ağlatdı uşaq kimi. Mən ağlamadım, bilirdim, əzablar bitəcək, Bilirdim, yalançı göz yaşları bir gün itəcək. O xəyallarımda canlandırdığım qız, Bəlkə, gəlib zamansız, amma həyatım onsuz İstəmirdim olsun, vaxt olsun, olmasa qəlbimdə, Böyük ümidlərimdə şokolad paylayan qız. Dəlisov təbimdə şokolad paylayan qız, Soyuq noyabrda son nəfəsdə idi payız. O qorxulu nağılların xilaskar obrazı, Həyatın, məhəbbətin həvəskar obrazı. Qəlbimin avazı, paranormal görünüşüm, Qatar məkana çatıb, bilmirəm, qalım, düşüm Və bir gün acı xatirələri unudacam, Şokolad paylayan qız, mən qayıdacam.
Ver əzabları yenə də ver, gücüm var, Heç vaxt qurtarmasın ver, hamısına gücüm çatar. Uzaqlaş qatar, ya da ki, dur qatar, Ya məni apar, ya əz, ya da, vur qatar. (x2) Yox, qaytar payızda gördüyüm yazı, Aparma şokolad paylayan o qızı.