Güllərin, əllərin, tellərin ətir, Sən də məhəbbətə mənim tək əsir, Bir günə sığmağa ömür tələsir, Bu qalmaqalından güc alıram mən. Məni əsir edən yaraşıqmıdır? Hüsnündəki işıq qımışıqmıdır? Qolların boynumda sarmaşıqmıdır? Pərvaz iqbalından güc alıram mən.
Qoy məni uğrunda çəksinlər dara, Bəxtim tapşırılsın qasırğalara, Yer qara, göy qara, sən bir aypara, Sənin hilalından güc alıram mən. Dolan beş qitəni başdan-başa gəz, Tapa bilərsənmi Xəlilə əvəz? Eşqim, mübarizəm, andım müqəddəs, Sənin cəlalından güc alıram mən.
Qollarım döyüşdə qələm olsa da, Adayam, dənizdə polad bir ada. Zülmün də ruh verir mənə dünyada, Can alan zalımdan güc alıram mən. Ey bəxtimə düşən işıqlı ulduz, Mən özüm atəşəm, dörd yanım qar, buz. Ömrümüz sonludur, eşqimiz sonsuz, Bir az gələcəkdən borc alıram mən.
Solo
Saçlara dən düşür, qaşlara qırov, Ancaq elə bilmə qocalıram mən. Zərrəyəm, günəşli vətənim sənsən Qarşında diz çöküb ucalıram mən.